Cybernet “Elektron Universitet” modelini təqdim edib
Cybernet şirkəti Azərbaycan Universiteti üçün inkişaf etdirilmiş “Elektron Universitet” modelini təqdim edib. Azərbaycan Universitetində keçirilən təqdimatda universitet rəhbərliyi, professor-müəllim heyəti və inzibati işçilər iştirak edib.
Tədbiri Azərbaycan Universiteti rektorunun məsləhətçisi, Vergilər Nazirliyi Tədris Mərkəzinin rəhbəri Əli Həsənov açıb. Əli Həsənov bildirib ki, öz fəaliyyətində daim təkmilləşmə siyasəti həyata keçirən Azərbaycan Universiteti elektronlaşma əsrində baş verən proseslərdən kənarda qalmır və elektron platformanın tətbiqinə başlayır.
Təqdimatda Cybernet şirkətini “Elektron Universitet” layihəsinin rəhbəri olan Ramin Bağırov təmsil edib. Ramin Bağırov qeyd edib ki, model tədris prosesinin səmərəliliyinin artırılmasına, universitetin fəaliyyətinin optimallaşdırılmasına, sürətləndirilməsinə və tam avtomatlaşdırılmasına, eyni zamanda, müasir kitabxana sisteminin yaradılmasına xidmət edir. Mütəxəssis “Elektron Universitet”in modulları və tətbiq mərhələləri haqqında da məlumat verib.
Model mərhələli şəkildə həyata keçiriləcək və tədris prosesinə nəzarəti sürətləndirəcək.
07.10.2017