AZ | EN | RU

Cybernet şirkəti Azərbaycanın intellektual məhsullarının ixracında iştirak edəcək

2017-ci il iyulun 7-də innovasiyalar sahəsində 10 ixtisaslaşdırılmış şirkət arasında “Azərbaycan innovasiyalarının ixracı konsorsiumu”nun yaradılması çərçivəsində əməkdaşlıq memorandumu imzalanmışdır. Cybernet şirkəti konsorsiumun həmtəsisçilərindən biri olmuşdur. Memorandumu Cybernet şirkətindən başqa, aşağıdakı şirkətlər imzalamışlar: SİNAM, ULTRA Technologies, B.EST Solutions, Neuron, İdrak, BestComp Group, GoldenPay, R.I.S.K və  “İnnovasiyalar Mərkəzi”.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) tərəfindən təşkil olunmuşdur.

Agentliyin sədri İnam Kərimov çıxışında qeyd etmişdir ki, Azərbaycanın əsas məqsədi çoxsaxəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və ixrac imkanlarının genişləndirilməsidir.  

BestComp Group şirkətinin müşahidə şurasının sədri və eyni zamanda konsorsiumun sədri Rauf Həsənov bildirmişdir ki, Azərbaycanın intellektual məhsulları digər ölkələrin məhsullarından heç bir cəhətdən geri qalmayacaqdır. Onun sözlərinə görə, konsorsiumun yaradılması Azərbaycan şirkətlərinin dünya bazarına çıxmasını asanlaşdıracaq, rəqabət qabiliyyətli məhsulların istehsalı üçün şərait yaradacaq.   

ASAN xidmət”in sədri İnam Kərimov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı, Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Əşrəf Şıxəliyev konsorsiuma dəstək verəcəklərini bildirmişlər. 

07.07.2017