AZ | EN | RU

www.azexport.az portalı təqdim olunub

Dekabrın 20-də “ADA” Universitetində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan azexport.az portalının təqdimatı keçirilib.

Cybernet şirkəti tərəfindən işlənib hazırlanan portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal dünyanın Alibaba, Allbiz kimi ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir. Dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-logistika şirkətləri və ödəmə sistemləri Azərbaycan mallarının realizasiyası üçün əlverişli şəkildə azexport.az-a inteqrasiya olunublar. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli olan azexport.az vasitəsilə “Made in Azerbaijan” brendi alıcılara yaxınlaşdırılır.

Təqdimat zamanı portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edilib. Portala inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə də məlumat verib. “Asan İmza” mobil gücləndirilmiş elektron imza xidmətinin portal ilə inteqrasiyası öz mal və xidmətlərini www.azexport.az internet resursunda qeydiyyatdan keçirmək istəyən sahibkarlara geniş imkanlar təqdim edir. “Asan İmza” mobil elektron imza xidmətinin portala daxil olmaq üçün avtorizasiya vasitəsi qismində istifadə edilməsi sahibkarları əlavə qeydiyyatdan azad edir. Belə ki, əgər sahibkar şirkətin sahibidirsə və gücləndirilmiş mobil elektron imzaya malikdirsə, bu zaman sahibkar əlavə qeydiyyat olmadan asanlıqla sayta daxil ola və öz məhsulu haqqında bütün lazımi məlumatları portala əlavə edə bilər.

Sonda azexport.az resursuna aid videoçarx nümayiş etdirilib. Videoçarxda BMT İnkişaf Proqramının mütəxəssisi Goran Sumkovski, Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun direktoru Tunc Uyanık, all.biz alqı-satqı platformasının nümayəndəsi Rüxsarə Ramazanova, alibaba.com Qlobal Partnerinin baş meneceri Fren Chin çıxış edərək, azexport.az portalı ilə əməkdaşlıqlarını qeyd ediblər, eləcə də portalın Azərbaycanda biznesin inkişafına dəstək olacağına əminliklərini ifadə ediblər.

Qeyd edək ki, azexport.az saytı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılmışdır.

20.12.2016