“Cybernet” şirkəti 10 yaşını qeyd etdi
Noyabrın 26-da “Hilton Baku” otelində “Synergy Group”a daxil olan “Cybernet” şirkətinin yaradılmasının 10-cu ildönümü münasibətilə yubiley tədbiri keçirilmişdir.
Tədbirdə “Cybernet” şirkətinin baş direktoru İlham Namazov çıxış etmiş, 2004-cü ildən fəaliyyətə başlayan şirkətin keçdiyi inkişaf yolundan danışmışdır. Ötən dövr ərzində əməkdaşlarının sayının 10 dəfə artığını, habelə həyata keçirilən layihələrin həcminin xeyli genişləndiyini bildirən baş direktor “Cybernet” şirkətinin dövlət və özəl qurumların fəaliyyətində mürəkkəb avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması və tətbiqi istiqamətinə sadiq qaldığını xüsusi qeyd etmişdir. Natiq “Cybernet” şirkəti tərəfindən ölkəmizdə ilk avtomatlaşdırılmış vergi informasiya sisteminin və ilk elektron xidmət olan elektron bəyənnamə sisteminin işlənib hazırlanmasını xüsusi qeyd etmişdir. İlham Namazov şirkətin gördüyü işlər sırasında Dünya Bankının layihəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində avtomtlaşdırılmış sənəd dövriyyəsi informasiya sisteminin tətbiqini və hazırda üzərində iş aparılan daşınmaz əmlakın qeydiyyatı kadastrı və idarəetmə sistemi layihəsini də qeyd etmişdir.
Tədbirdə çıxış edən “Synergy Group”un İdarə Heyətinin sədri Kamran Abbasov dinamik və inkişaf edən holdinq kimi “Synergy Group” tərəfindən ölkəmizdə qeyri-neft sektoruna ayrılan sərmayələrin əhəmiyyətindən danışmış və ölkə rəhbərliyinin həyata keçirdiyi islahatlar nəticəsində iqtisadiyyatın müxtəlif sahələrinin davamlı inkişaf etdiyini bildirmişdir. Qrupun İdarə Heyətinin sədri “Cybernet” şirkətinin 10 illik uğurlu fəaliyyəti nəticəsində Azrbaycanın İKT sahəsində milli brendə çevrildiyini bildirmişdir. Natiq “Cybernet” şirkətinin İKT sektorunda ölkəmizdə tam olaraq yeni beynəlxalq səviyyəli standartların tətbiqinə müvəffəq olduğunu qeyd etmişdir.
“Cybernet” şirkətinin baş direktorun müavini Anar Mehdiyev şirkətin 10 illik inkişaf tarixini əks etdirən təqdimatla çıxış etmiş, ötən il şirkətin keçirdiyi rebrendinqdən sobra “Cybernet”in İT sahəsində çoxşaxəli fəaliyyətə keçdiyini vurğulamışdır. Natiq şirkətin təklif etdiyi xidmət və həllərinə yalnız Azərbaycanda deyil, həm də MDB ölkələrində tələbatın olduğunu nəzərə çatdırmış, potensial imkanlarından söz açmışdır.
Tədbir “Cybernet” şirkətinin 10 illik yubileyi şərəfinə tort kəsilməsi və şou-konsert proqramı ilə davam etmişdir.
Arayış:
2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən “Synergy Group”un İKT sektoruna daxil olan “Cybernet” şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri tətbiq etmişdir. Şirkət Elektron hökumət həllərinin tətbiqi və elektron xidmətlərinin yaradılmasında böyük təcrübəyə malikdir.