Gənclərin təqdim etdiyi yeni ideyaların bazarın tələblərinə uyğunlaşdırılması zəruridir
14-16 noyabr tarixlərində Yüksək Texnologiyalar Parkında keçirilən “Startup” Günləri başa çatdı. Münsiflər tərəfindən uğurlu hesab edilmiş ideyalar ətrafında formalaşmış komandalar arasında müsabiqə yekunlaşdı və qaliblərə hədiyyələr təqdim olundu.
Xatırladaq ki, “Startup” Günlərinə noyabrın 14-də təntənəli açılış mərasimi ilə start verilmişdir. Tədbirdə Azərbaycan İnternet Forumunun prezidenti, Startup Azərbaycan layihəsinin rəhbəri Osman Gündüz çıxış etmiş ölkədə milli startup infrastrukturuna dəstək vermək məqsədilə yeni startupların yaradılmasını stimullaşdırmaq, startuplar üçün infromasiya-metodiki dəstək göstərmək və startuplar arasında əlaqələrin gücləndirilməsinə nail olunacağını bildirmişdir.
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə öz çıxışında dövlət tərəfindən milli startupların inkişafına dəstək göstərilməsinin prioritet olduğunu qeyd etmiş və bu dəstəyin qarşıdakı illərdə daha da güclənəcəyini bildirmişdir. Nazir müavini bu cür tədbirlərin startup infrastrukturunun formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Daha sonra “Startup” Günləri çərçivəsində “Milli Startup infrastrukturun formalaşması və investisiya mənbələri” mövzusunda konfrans öz işinə başlamışdır.
Konfransda iştirak edən, “Synergy Group”a daxil olan “Cybernet” şirkətinin baş direktoru İlham Namazov gənclərin həvəsləndirilməsinin təmsil etdiyi şirkətin diqqət mərkəzində olduğunu tədbir iştirakçılarının nəzərə çatdırmışdır. Natiq gənclərin təqdim etdiyi yeni ideyaların bazarın tələblərinə uyğunlaşdırılmasının vacibliyi vurğulayaraq ideyaların tətbiqi sahəsində öz tövsiyyələrini vermişdir. İlham Namazov “Cybernet” şirkətinin gələcəkdə startup tədbirlərində investor qismində çıxış edəcəyinin də planlaşdırıldığını bildirmişdir.
Startup Günlərində 20 ideya yarışması keçirilmiş, münsiflər heyəti və ekspertlər 6 ən uğurlu layihəni seçmiş, bu ideyalar ətrafında 6 startup komandası formalaşdırılmışdır.
Tədbirin sonuncu günü sponsor qismində iştirak edən “Cybernet” şirkətinin nümayəndəsi hər biri 6 nəfərdən ibarət 3 qalib komandanın üzvlərinə qiymətli hədiyyələr təqdim etmişdir.
Arayış:
2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən “Synergy Group”un İKT sektoruna daxil olan “Cybernet” şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri tətbiq etmişdir. Şirkət Elektron hökumət həllərinin tətbiqi və elektron xidmətlərinin yaradılmasında böyük təcrübəyə malikdir.