AZ | EN | RU

"Cybernet"in yeni layihəsi sayəsində Bələdiyyələrə vergi ödənilməsi asanlaşacaq

2014-cü ilin əvvəlindən Vergilər Nazirliyinin  sifarişi ilə "Cybernet" şirkəti bələdiyyələrin vergi informasiya sisteminin avtomatlaşdırılmasına başlayıb. İlkin mərhələ olaraq ölkə ərazisindəsəkkiz bələdiyyədə - Binəqədi bələdiyyəsi, Binəqədi qəsəbə bələdiyyəsi, Biləcəri, M.Ə.Rəsulzadə, Xocasən, Sumqayıt, Saray və Şəmkir bələdiyyəsində yerli (bələdiyyə vergi və ödənişlərinin) ödəyicilərin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə start verilib. İndiki mərhələdə layihə vergi ödəyicilərinin uçota alınması və mərkəzləşdirilməsi, eyniləşdirilmiş nömrələrin və şəhadətnamələrin verilməsini nəzərdə tutur. Vergi ödəyiciləri bu şəhadətnamələr vasitəsilə Bələdiyyə idarələrinə getmədən bank vasitəsi ilə ödəmə edə biləcəklər.

"Cybernet" MMC-də proqram təminatına cavabdeh qrupun rəhbəri Ramin Bağırov bildirdi ki, layihə Bələdiyyə Vergi İnformasiya sistemi ilə yanaşı İnternet Bələdiyyə İdarəsi  sisteminin də hazırlanmasını nəzərdə tutur.  Layihə başa çatdıqdan sonra Bələdiyyələr  uçot, bəyannamələr, məhkəmə işləri, yoxlamalar və s. kimi fəaliyyətini tam avtomatlaşdırılmış şəkildə həyata keçirəcək. 

Xatırladaq ki, 2004-cü ildə yaradılmış "Cybernet" MMC Azərbaycanda İT konsaltinq, dövlət və korporativ idarəetmə, maliyyə, qabaqcıl proqram və aparat həllərinin tətbiqi, təkmilləşdirilməsi  sahəsində xidmətlər təklif edən qabaqcıl şirkətlərdən biridir. 2011-ci ildən etibarən "Cybernet" Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC-yə daxildir.

"Cybernet" bu günə kimi Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi, "İnternet Vergi İdarəetmə" sistemi, dövlət orqanları arasında "İnteqrasiya" informasiya mübadiləsi sistemi,  Vətəndaşlar və sahibkarlar ilə dövlət qurumları arasında Elektron sənəd mübadiləsi və Vahid rəsmi elektron poçt sistemi, Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sisteminin yaradılması, "EHDİS Elektron Hökumət İnformasiya Sisteminin" hazırlanması və tətbiqi, "Daşınmaz əmlakın qeydiyyatı" sistemi kimi böyük layihələr həyata keçirmişdir. 

24.06.2014