Cybernet Startup Azərbaycan 2014 layihəsinin altı qalibini mükafatlandırdı.
2014-cü il iyulun 3-də “Park İnn” otelində “Cybernet” şirkətinin sponsoru olduğu Startup Azərbaycan 2014 layihəsinin yekun təqdimat mərasimi və “Startup Azərbaycan 2014” Milli Konfransı keçirilib. Azərbaycan İnternet Forumunun təşkil etdiyi tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İT şirkətlərin nümayəndələri, investorlar və Vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.
Tədbirin əvvəlində Startup Azərbaycan layihəsinin on beş yarımfinalçısı arasından seçilmiş altı layihə qalib elan olunaraq Cybernet şirkətinin təqdim etdiyi hədiyyələrlə mükafatlandırıldı. Hədiyyələri qaliblərə təqdim edən Rabitə və Yüksək Texnalogiyalar Naziri Əli Abbasov tədbiri və İT sahəsinin inkişafına özəl sektorun dəstəyinin yüksək qiymətləndirərək dövlətin də öz növbəsində bu sahəyə dəstək məqsədli gördüyü tədbirlərdən, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan və fondun fəaliyyətindən danışdı.
“Startup mühitinin formalaşmasına dövlətin, özəl sektorun və fərdi investorların dəstəyi” mövzusuna həsr olunmuş konfrans hissəsində özəl və İT sektoru təmsil edən Cybernet MMC-nin Baş Direktorun Müavini Anar Mehdiyev çıxışı zaman şirkətin informasiya texnologiyaları sektorunun inkişafına daim dəstək olduqlarını bildirdi. Elektron xidmətlər üzrə gördüyü işlərə görə 2013-cü ildə Elektron Xidmət Həlləri üzrə "İlin İT şirkəti" adına laiq görülən Cybernetin bu cür tədbirlərə dəstək verməkdə məqsədinin dövlət, biznes və sosial sahələrdə yeni və faydalı elektron xidmətlərin yaradılması olduğunu dedi. Şirkətin yenilikçi, dolğun hazırlanmış, davamlılığı olan startup layihələrə, həmçinin İT sahəsində bacarığı olan gənc mütəxəssislərə dəstək vermək üçün açıq olduğunu vurğuladı.
Cybernet Şirkəti Azərbaycanda qabaqcıl İT şirkətlərdən biri olaraq proqram təminatı, biznesin avtomatlaşdırılması və elektron xidmətlərin təşkili üzrə ixtisaslaşıb. Şirkətdə informasiya texnologiyaları və menecment sahəsində böyük təcrübəsi olan 100-dək mütəxəssis cəmləşib. Kollektivin 30-dan artıq əməkdaşı onlara ən mürəkkəb biznes sistemlərini, həmçinin informasiya və telekommunikasiya sistemlərini hazırlamaq və idarə etmək hüququ verən beynəlxalq sertifikata sahibdir.
Bu gün Azərbaycanda elektron xidmətlər və idarəçilik üzrə ən böyük və ən geniş xidmətləri özündə birləşdirən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi-AVİS Cybernet MMC tərəfindən hazırlanmışdır. Şirkət bundan başqa dövlət orqanları arasında “İnteqrasiya” informasiya mübadilə sistemi, Vətəndaşlar və sahibkarlar ilə dövlət qurumları arasında Elektron sənəd mübadiləsi və Vahid rəsmi elektron poçt sistemi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) üçün Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sistemi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üçün "EHDİS Elektron Hökumət İnformasiya Sistemini”, Azərbaycan Respublikası İpoteka Fondunda "Sənəd dövriyyəsi" sistemi, Əmlak Məsələləri Dövlət Komitəsi üçün "Daşınmaz əmlakın qeydiyyatı" sistemi kimi uğurlu layihələr həyata keçirdib.
2004-cü ildə yaradılmış “Cybernet” MMC Azərbaycanın elektron hökumət sahəsində iri layihələri həyata keçirən İT şirkətlərindən biridir. Avtomatlaşmış Vergi İnformasiya Sistemi, Elektron Hökumət Dövlət İnformasiya Sistemi, Mobil İmza və digər bu kimi irimiqyaslı layihələr “Cybernet” şirkətinin uğur göstəricisinə çevrilmişdir. Şirkət 2011-ci ildən “Synergy Group”a daxil olmaqla, informasiya texnologiyaları sektorunda müasir Azərbaycanın biznes simasına çevrilməkdədir.
04.07.2014