Cybernet şirkəti “İlin İT şirkəti” adına layiq görüldü
Dekabrın 14-də “Fairmont” otelində “Business Time” jurnalının Azərbaycanda biznesin inkişafına dəstək məqsədi ilə təsis etdiyi ənənəvi “Azeri Business Award-2013” Milli mükafatının təqdimetmə mərasimi keçirilmişdir. Azərbaycanın sürətlə inkişaf edən İT şirkəti olan Cybernet MMC 2013-cü ilin yekunlarına görə Elektron Xidmət Həlləri üzrə “İlin İT şirkəti” adına layiq görülmüşdür.
Mükafat Cybernet şirkətinin Baş Direktoru İlham Namazova təqdim olunmuşdur. İlham Namazov mükafatın yaradıcılarına öz minnətdarlığını bildirərək şirkətin cari fəaliyyəti və gələcək planları haqqında danışmışdır:
“Çox şadam ki, Cybernet şirkəti belə nüfuzlu bir mükafata layiq görülmüşdür. Şirkətimiz İnformasiya Texnologiyaları sahəsində etibarlı və kompleks həllər təqdim etməklə elektron xidmət sahəsində yenilikçi bir şirkətə çevrilmişdir. Bildiyiniz kimi 2013-cü il cənab prezident tərəfindən İKT ili elan edilmişdir və məhz bu ildə bizim belə yüksək mükafat layiq görülməyimiz qarşımıza qoyduğumuz məqsədlərə çatmağımız üçün bizi daha da ruhlandırır. Əməyimizə verdiyiniz dəyərə görə minnətdarlığımızı bildiririk. Cybernet şirkəti Azərbaycanda Avtomatlaşmış Vergi İnformasiya Sistemi, Elektron Hökümət Dövlət İnformasiya Sistemi, Mobil İmza və digər bu kimi irimiqyaslı layihələrlə tanınmışdırsa, hazırda şirkətimizin uğur göstəricisi olacaq yeni layihələr və məhsulların üzərində çalışırıq. Banklar üçün “Risklərin Analizi və Hesabatı Sistemi”, dövlət orqanları və iri qurumlar üçün “AZDOC – Elektron Sənəd Dövriyyəsi Sistemi”, təhsil müəssisələri üçün “Universal Təhsil İdarəetmə sistemi”, biznes və istehsalatın avtomatlaşması üçün təklif etdiyimiz bir sıra etibarlı həllərlə Azərbaycan İT məkanında etibarlı və yenilikçi tərəfdaş olmaqda davam edirik. Məqsədimiz növbəti illərdə regionun ən güclü İT şirkətinə və informasiya texnologiyaları sahəsində müasir Azərbaycanın biznes simasına çevrilməkdir.” – deyə şirkətin Baş Direktoru İlham Namazov bildirmişdir.
Xatırladaq ki, Azeri Business Award mükafatı Cybernet şirkətinin aldığı ilk mükafat deyil, 2007-ci ildə şirkət tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün hazırlanmış AVİS Sistemi nümunəvi elektron hökümət xidmət sistemi kimi “İntellekt” mükafatına layiq görülmüşdür. 2004-cü ildə yaradılmış Cybernet şirkəti 2011-ci ildən etibarən Synergy Group ASC-nin informasiya texnologiyaları sektoruna daxil olmuşdur.
29.12.2013