Cybernet şirkətinin iştirakı ilə hazırlanmış “Asan İmza” layihəsi Prezident İlham Əliyevə təqdim olundu
17 Sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak etmişdir.Açılış zamanı Cybernet şirkətinin də iştirak etdiyi Beynəlxalq konsorsium tərəfindən hazırlanmış “Asan İmza” layihəsi Prezidentə təqdim olundu. Bildirildi ki, “Asan İmza” vasitəsilə vətəndaşlar müxtəlif qurumların elektron xidmət portallarına daxil ola biləcəklər. Bundan sonra onlar istər birbaşa saytda, istərsə də “AsanDoc” proqramının köməyi ilə sənədlərin imzalanması həyata keçiriləcəkdir. Ümumiyyətlə, bu xidmət sayəsində vətəndaşlar istər mobil telefon, istər kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə bilərlər. Bütün dövlət və qeyri-dövlət qurumları, vətəndaşlar bu xidmətdən yararlanaraq bir-birilərinə imzalanan sənədləri göndərə biləcəklər. Bu isə nəticədə nağdsız ödənişlərin artmasına, vətəndaşla dövlət arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verəcəkdir.
Prezident İlham Əliyevə “Asan İmza”nın sertifikatı və “Asan İmza”nın daşıyıcısı olan Sim kartın yerləşdiyi mobil telefon təqdim edildi.
08.10.2013