“Cybernet” şirkəti Tacikistan Respublikasında vergi informasiya sistemi layihəsini uğurla həyata keçirmişdir
Azərbaycanın iri İT şirkətlərindən biri olan “Cybernet” MMC Tacikistan Hökuməti yanında Vergilər Komitəsi üçün iri layihəni uğurla tamamlamışdır. Bu barədə Tacikistan Vergilər Komitəsinin rəsmi açıqlamasında bildirilir. Belə ki, Tacikistan Vergilər Komitəsi tərəfindən bir il ərzində Rusiya, Qazaxıstan, Gürcüstan, Baltikyanı ölkələri və Azərbaycanın vergi informasiya idarəetmə sahəsindəki təcrübəsi öyrənildikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin informasiya sistemi sahəsindəki təcrübəsi əsas olaraq götürülmüş, “Cybernet” şirkətinin bu sahədəki həllərinə üstünlük verilmişdir. “Cybernet” şirkətinin təklif etdiyi sistemin sadəliyi, effektivliyi, geniş imkanları, həm də vergi ödəyicilərinə heç bir əlavə xərc yaratmaması Tacikistan Vergilər Komitəsi tərəfindən qiymətləndirilən əsas seçim meyarı olmuşdur. Qeyd edək ki, cari il ərzində aparılmış analiz, proqramlaşdırma və quraşdırma işləri vaxtından 4 ay əvvəl və uğurla başa çatdırılaraq, sentyabr ayından sistemin tətbiqinə başlanılmışdır. Layihə bütün ölkəni əhatə edəcəkdir.
Məlumatda həmçinin bildirilir ki, yaxın zamanda Azərbaycan Vergilər Nazirliyinin Vergi informasiya idarəetməsi sahəsindəki təcrübəsi daha dərindən öyrənilərək, “Cybernet” şirkətinin digər həllərinin də tətbiqi planlaşdırılır.
“Cybernet” şirkəti 2012-ci ildən başlayaraq Azərbaycandakı uğurlu təcrübəsini ölkəmizdən kənara çıxarmaqla, İT sahəsində ölkəmizin ixracatında əhəmiyyətli yer tutmaqdadır. Şirkət rəhbərliyindən verilən məlumata görə, hazırda Orta Asiya ölkələrinin müxtəlif qurumları ilə effektiv əməkdaşlıqlar qurulmuş və yeni layihələrin həyata keçirilməsi üçün danışıqlar aparılmaqdadır.
2004-cü ildə yaradılmış “Cybernet” MMC Azərbaycanın elektron hökumət sahəsində iri layihələri həyata keçirən İT şirkətlərindən biridir. Şirkət yarandığı vaxtdan etibarən bu sahədə təqdim etdiyi həllər sayəsində əhəmiyyətli rolu ilə tanınmışdır. Avtomatlaşmış Vergi İnformasiya Sistemi, Elektron Hökumət Dövlət İnformasiya Sistemi, Mobil İmza və digər bu kimi irimiqyaslı layihələr “Cybernet” şirkətinin uğur göstəricisidir. Nəzərinizə çatdıraq ki, "Cybernet" MMC 2011-ci ildən “Synergy Group”-a daxil olmaqla, informasiya texnologiyaları sektorunda müasir Azərbaycanın biznes simasına çevrilməkdədir.
05.09.2013